пятница, 29 ноября 2013 г.

Azərbaycan və totalitar keçmiş


Bağırov Azərbaycan tarixndə hansı yeri tutur? (şəkil "Vikipediya"dan götürülüb)
 
Dünən elmi rəhbərim Moskvada və Kiyevdəki mühazirələrindən danışırdı. Özü 1930-cu illərin totalitar rejimləriylə məşqul olur. Dedi ki, çoxlu tələbə gəlmişdi, hamı rus və alman mühafizəkar mütəfəkkirlərə çox böyük maraq göstərirdi. Tələbələr doğurdan da öz keçmişlərini başa düşmək istəyirlər. Professor qeyd etdi ki, bu cəhətdən həm rus, həm də ukrayna tələbələri eyni idi. Sonra dönüb məndən soruşdu ki, hər halda Azərbaycanda da tələbələr keçmişə böyük maraq göstərirlər. Dedim ki, hə, öz-özümə də fikirləşdim ki, bu doğurdan da belədirmi? Bu suala cavab verməkçün bir az uzaqdan başlamalıyam.

Dünən bizim universitetə tarixçi Yörq Baberovski gəlmişdi. Xruşov və destalinizasiyadan danışdı. Amma sözüm onda deyil. O, Azərbaycandaki stalinizmdən iri araşdırma yazıb, alman və rus dillərində var (maraqlananlar şərhlərdə yazsınlar, kitabı onlara yollaya bilərəm). Ona görə Baberovski Bakıda da işləyib. Demişdi ki, arxivlərdə çalışarkən, onda demək olar ki, bütün sənədləri təqdim eləmişdilər: terrordan, kollektivləşmədən. Lakin Bağırovun məhkəməsinə aid olan sənədləri istəyəndə, arxiv işçiləri gülümsədilər və sənəd verməkdən imtina etdilər. Ondan sonra söhbətimiz elə Bağırovla davam etdi. Kənardan baxanda dəhşətə gəlməmək olmur. Müasir Azərbaycanda Bağırovun rolu hələ də tam dərk olunmayıb. Əlbəttə, araşdırmalı çox məsələ var, lakin əfsuslar olsun ki, Bağırov demək olar ki bütün siyasi cərəyanların təmsilçiləri tərəfindən çox müsbət qəbul olunur. Bağırovdan az qala İsa Məsih etsinlər. Məsəlçün onun məhkəməsindən belə danışırlar. Bağırov məhkəmə zalına girir, camaat ayağa qalxır, əl çalmağa başlayır, Bağırov isə gülümsəyərək oturmağa dəvət edir və s.

Nəyə görə bu bir mifdir? Çünki sənədlərə əsaslansaq, görəcəyik ki, Beriyanın edamından sonra Bağırov özünü qorxaq kimi apardı. 20 il ərzində "şpion" və "xalq xaini" tutan adam birdən-birə gördü ki, ona da həmin şeylər edilə bilər. Beriyanın güllələnməsindən sonra Bağırov Moskvaya partiyanın plenumuna dəvət edilmişdi. Orada da o keçmiş dostu və yaxın müttəfiqi Beriyanı qaralamqdan yorulmurdu. Və özünün "təmiz" olduğunu göstərməyə çalışırdı. Lakin bu ona kömək etmədi. Sonda minlərlə insana çəkdirdiyi əzabları özü çəkdi.

Əlbəttə, bir çox məqam var ki, onlara da toxunmalıyıq. Dediyim kimi, cənab Baberovski Xruşovdan danışırdı. Və o, orada maraqlı bir cümlə işlətdi. O dedi ki, Xruşov özü Stalinin cəlladlarından biri idi. Lakin o, həmçinin Stalinin qurbanı idi. Demək olar ki, Stalin Xruşovun ailəsini (və tək onun yox) qirov götürmüşdü, Xruşovun bəzi qoxumları həbs olunmuşdu. Lakin Stalinin ölümündən sonra Xruşovun cəsarəti çatdı ki, öz səhvlərini etiraf etsin və ölkəni stalinizmin dəhşətlərindən azad etməyə çalışdı. Buna onu heç kim məcbur etmirdi. Lakin vicdanı ona sakit yatmağa imkan vermirdi.

Çıxışdan sonra tələbələrdən biri Baberovskidən soruşdu ki, bu necə ola bilər ki, Xruşov həm cəllad həm də qurban olsun. Və Adolf Eyxmanı misal gətirdi (Eyxman yəhudilərin deportasiyasına və öldürülməsinə başçılıq edirdi). Eyxman da iddia edirdi ki, o, sadəcə əmrlərə itaət edirdi. Cənab Baberovski çox gözəl cavab verdi. O, dedi ki, Xruşovdan fərqli olaraq, Eyxmanı etdiyini etməyə heç kim məcbur eləmirdi. Əksinə, Eyxman özü üzərinə daha çox səlahiyyət və resurs almaq istəyirdi! Eyxmanın ən böyük arzusu bir gün "fürer" tərəfindən qəbul olunmaq idi. Və bunuçun o daha çox yəhudi öldürməyə çalışırdı. Hər an Eyxman durub deyə bilərdi ki, mən bunu etmək istəmirəm. Və heç kim ona bir şey etməyəcəkdi. Hətta yəhudilərin bilavasitə qətlləriylə məşqul olan "zonderkommando"ların əsgərlərinə hər güllələnmədən qabağ deyilirdi ki, kim iştirak etmək istəmir, çıxsın qabağa. Ona heç nə olmayacaqdı, sadəcə başqa hərbi hissəyə keçiriləcəkdi, ailəsinə də heç nə olmayacaqdı. Və bunu çox az adam etmişdi. Nasional-sosialist Almaniyada insanlar cinayətləri heç bir məcruriyyət olmadan törədirdilər.

Bağırovdan danışarkən bu məqamı da unutmamalıyıq. Məhz Stalin Bağırovu Birinci Katib təyin etdi. Bağırov özü Stalinin qirovu idi. Lakin bir məsələ var ki, Stalinin və Beriyanın ölümündən sonra, Bağırov daha çox canını qurtarmağa çalışırdı.

Комментариев нет:

Отправить комментарий